Bütün aləmlərin Xaliqi olan Tanrımız bizə saysız-hesabsız nemətlər vermişdir.
Bu nemətlərə görə Yaradana həmd, şükr və tərif edirik, Onun əmrlərini
yerinə yetirmək və yasaqlarından çəkinmək borcumuzdur.
Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə
bunlardır:
1. Sübh (2 rükət): «… Sübh namazını da qıl». («əl-İsra», 78,
və ya bax: «Hud», 114; «ər-Rum», 17).
2. Zöhr, yəni günorta (4 rükət):
«…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta,
ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud»,
114; «ər-Rum», 18).
3. Əsr, yəni ikindi (4 rükət): «Namazlara, (xüsusi
ilə) orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın» («əl-Bəqərə»,
238 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «ər-Rum», 18).
4. Məğrib, yəni
axşam (3 rükət): «Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər
deyin! (Axşam, gecə və sübh namazlarını qılın)» («ər-Rum, 17 və ya bax:
«əl-İsra», 78; «Hud», 114; «əl-İsra», 78).
5. İşa, yəni gecə (4 rükət):
«…gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …»
(«əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 17).
Hər namaz öz vaxtında
qılınmalıdır: «…Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.»
(«ən-Nisa», 103). Həmçinin «əl-Muzzəmmil» surəsinin 20-ci ayəsinin təfsiri
gecənin bir hissəsi (üçdə ikisini, yarısını və ya üçdə birini) qılınan
namazı rüsxət verərək, kün ərzində beş vaxt namazın əmr olduğunu bildirir:
«… O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi
(yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün
sizi əfv etdi (rüsxət verərək gecə durub namaz qılmağı siz möminlərə
vacib etmədi, fərz kimi gün ərzində beş vaxt namazı buyurdu)…» («əl-Muzzəmmil»,
20).
Müsəlman və ya mömin namaza qarşı səhlənkar olmamalı və namazında
riyakarlıqdan uzaq olmalıdır: «Vay halına o namaz qılanların ki, onlar
öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında
qılmazlar). Onlar (namazlarında) riyakarlıq edər» («əl-Maun», 4-6).